Terror təşkilatı PKK-ya helikopterlər göndərən və pilot təhsili verən ABŞ martın 15-də İraqın şimalında bu hava vasitələrindən ikisinin qəzaya uğraması zamanı cinayət başında yaxalanıb. Bu ağır hadisədən sonra təslim olan PKK üzvlərindən biri, İranın da İraqda İHA təlimlərinə başladığını bildirib.
Hafta.az-ın yazdığına görə, İran İnqilab Keşikçiləri Ordusunun rəhbərliyi altında Həşdi Şaabi ünsürlərinin keçirəcəyi təlimlər İraqın Tikrit şəhərindəki istifadə olunmayan hava limanında baş tutacaq. Bildirilir ki, İran təlimləri qanuni əsasa bağlamaq üçün İraq Mülki Aviasiya bölməsindən lazımi icazələri alıb.

Təslim olduqdan sonra bu məsələyə aydınlıq gətirən və kod adı Avareş olan B.R-ın ifadələrinə görə, PKK-nın sözdə şərq dispetçer və idarə bölməsi (DSİK) ilə İran kəşfiyyatı əlaqə saxlayır və mütəmadi olaraq məlumat mübadiləsi aparır. İrandakı PKK terrorçularının Ermənistanla təmasda olduğuna işarə edən etirafçı terrorçu PKK-nın saxta pasportlarla İran sərhədini "qanuni yolla" keçməyə cəhd edəcəyini və bununla da Türkiyəyə yeni sızma qapısı açacağını bildirib.
İran İnqilab Keşikçiləri Korpusunun PKK-nın kiçik Qəndili kimi tanınan Sincardakı terrorçulara İHA göndərdiyi də təhlükəsizlik bölmələri tərəfindən müəyyən edilib. Digər tərəfdən, 2022-ci ilin son günlərində Hələb-Nubul bölgəsində İranın dəstəklədiyi şiə milis qrupları və PKK/YPG terrorçuları ilə görüşlərin keçirildiyi və əməkdaşlıq qərarı alındığı üzə çıxıb.
Terrorçu etiraf edib ki, DSİK-in sözdə əsas qərargahının yerləşdiyi İranın Dambat şəhərində 2022-ci ildə PKK-ya qoşulanlara üç dövr təlim keçilib və prosesi bitirənlər İraqa göndərilib. PKK ilə başqa bir terror təşkilatı MLKP-nin birgə hərəkət etdiyini vurğulayan B.R, "DSİK bölgəsində ümumilikdə 5 MLKP terrorçusu var. MLKP terror təşkilatı üzvlərinin məqsədi Qara dəniz təşəbbüs qrupunu dirçəltməkdir" deyib.
Şiə milis qruplarının Deyr Zor hərbi hava limanındakı anbarlarda kəşfiyyat və müşahidə fəaliyyətlərində istifadə edilən 50 ədəd İran kamikadze PUA və İHA-nı PKK/YPG-yə təhvil verdiyi bildirilir.
Terrorçu B.R.-nin iştirakı ilə aparılan axtarışlar zamanı Ağrı kəndi ərazisində 1 kiloqram partlayıcı maddə, Kalaşnikov güllələri, gecəgörmə durbinləri, İHA və SİHA-lardan gizlənmək üçün istifadə edilən termal çətir ələ keçirilib.